2022-2023-cü tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı” hazırlanıb. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, siyahı ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın müvafiq bəndinə uyğun olaraq müəyyənləşib.
Onun sözlərinə görə, siyahı hazırlanarkən təhsil müəssisələrinin “Times Higher Education (THE) World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” beynəlxalq reytinqlərindəki sıralamaları, həmçinin “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil təcrübəsi əsas hesab olunub. Bununla da Dövlət Proqramının 15 prioritet ixtisas sahələrinə (informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiya və kosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura və dizayn, kənd təsərrüfatı) uyğun təhsil müəssisələrində bakalavriat və əsas etibarı ilə magistratura səviyyələrində Azərbaycan gənclərinin təhsili üçün imkan yaradılıb. Bu da öz növbəsində müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasına töhfə verəcək.
Qeyd edək ki, 2022-2023-cü tədris ili üçün Dövlət Proqramı üçün 30 universitet üzrə 15 prioritet ixtisas sahələri müəyyən edilib. Həmin ixtisas istiqamətləri üzrə siyahıda əks olunan ali təhsil müəssisələrindən qəbul sənədlərinin əldə edilməsi tövsiyə edilir. Müvafiq siyahı ilə keçiddən tanış olmaq mümkündür: https://bit.ly/3ua1exZ
Dövlət Proqramı çərçivəsində müvafiq seçim və maliyyələşmə qaydaları yaxın zamanda təsdiq olunduqdan sonra 2022-2023-cü tədris ili üzrə sözügedən Proqrama müraciət etmək üçün onlayn müraciət açıq elan ediləcək.
Təhsil nazirinin müşaviri Nicat Məmmədlinin sözlərinə görə isə sentyabr ayında 2022-2023-cü tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı sənəd qəbuluna başlanılması planlaşdırılır: “Dövlət Proqramı çərçivəsində müvafiq seçim və maliyyələşmə qaydaları yaxın zamanda təsdiq olunacaq”.
Nazir müşaviri tibb ixtisaslarının gənclərin xaricdə təhsil proqramına salınmamasının səbəbi də açıqlanıb. O, dünyanın bir çox ölkələrində tibb təhsili üzrə magistratura səviyyəsinin olmadığını xatırladıb.
Nazir müşaviri bildirib ki, bu təhsilin xüsusi tədrisi forması var: “Tibb təhsilinin uzunmüddətli olması, eləcə də maliyyənin bahalı olması və s. qoyulan investisiyanın geri qayıtmasında ciddi problemlər yaradır. Hesab edirik ki, yaxın zamanlarda bu məsələ ilə bağlı ayrı layihə ola bilər. Biz bunu daha yaxşı şəkildə həyata keçirə biləcəyik”.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Nadir İsrafilov deyib ki, bundan əvvəl gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühim amilinə çevrilmələrini təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam da imzalanıb: “Bu, insan kapitalının inkişafına yönəlmiş bir addımdır. Məsələn, əvvəlki dövlət proqramı çərçivəsində ümumilikdə 4 min nəfərdən artıq Azərbaycan vətəndaşı Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın 32 ölkəsinin 379 aparıcı universitetində təhsil almaq hüququ qazanmışdı. Həmin universitetlər dünyanın 500 ən güclü universiteti sırasındadır. Yəni, dövlət proqramının əsas məqsədi xaricdə təhsil alanların ölkəmizə xeyir verməsi idi. Dövlət proqramı gənclərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alması və məzun olduqdan sonra ölkəmizdə işlə təmin olunması prosesinin tənzimlənməsi baxımından mühim əhəmiyyətə malikdir”.
Ekspert qeyd edib ki, yeni proqram çərçivəsində 2022 və 2026-cı illər ərzində dövlət başçısının sərəncamına uyğun olaraq hər il 400 nəfərədək tələbə xüsusilə magistratura səviyyəsində təhsil almaq üçün xaricə göndəriləcək: “Tələbələrin seçimini isə müvafiq komissiya aparacaq. Seçimlərdən uğurlu keçən tələbələrin xaricdə təhsil alacağı müddətdə maliyyələşməsi dövlət tərəfindən həyata keçiriləcək. Xaricdə dövlət proqramı çərçivəsində təhsil alacaq şəxslərlə müvafiq öhdəliklərin olacağı müqavilələrin imzalanması da nəzərdə tutulur. Həmin müqavilədə gənclərin təhsillərini bitirdikdən sonra ölkəyə qayıdan zaman işlə təminat məsələsinin də əks olunacağı gözlənilir. Bir məqamı da qeyd edim ki, biz bununla paralel olaraq universitetlərimizin nüfuzunu da qaldırmağa çalışmalıyıq. Yəni xaricdə təhsil almağa o insanlar getsin ki, bizdə həmin sahələr ya olmasın, ya da zəif inkişaf etsin. Elə sahələr var ki, onun üçün xaricdə təhsil almağa ehtiyac yoxdur, xaricdə təhsil alanların isə ölkəmizin sosial-iqtisadi həyatına yönləndirilməsi daha vacibdir”.
Məsələyə münasibət açıqlayan Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov vurğulayıb ki, Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı proqramın hazırlanmasının səbəblərindən biri də ölkə daxilində olan universitetlərin rəqabətqabiliyyətini artırmaqdır: “Bildiyimiz kimi, əvvəlki dövlət proqramı çərçivəsində 3500-dən çox gənc dünyanın aparıcı ali təhsil müəssisələrinə təhsil almaq üçün göndərildi. Düzdür, həmin gənclərin bir qismi ali təhsillərini bitirdikdən sonra ölkəyə qayıtmadı, ancaq Azərbaycanın elit diasporasının formalaşmasından xüsusi rolları oldu. Savadlı gənclərimiz xaricdə tanınmış şirkətlərdə çalışır, onlar yüksək hörmətə, nüfuza malikdirlər. Həmin gənclər Azərbaycanın simasıdır. 44 günlük Vətən müharibəsi zamanı dövlət proqramı çərçivəsində təhsil alan gənclər Azərbaycanın haqq səsini dünyaya çatdırdılar. Artıq həmin dövlət proqramı sona çatıb. Yeni proqramın hazırlanması labüd idi. Eyni zamanda, bu gün doktorantura pilləsi üzrə də Azərbaycan gəncləri dünyanın elm tutumlu mərkəzlərinə göndərilir. Yəni, Prezident İlham Əliyevin “neft kapitalını, insan kapitalına” şüarı birbaşa Azərbaycanın gələcəyinə ünvanlanıb. Gələcəkdə uğurlu kadr təminatını yaxşılaşdırmaq üçün gənclərimiz xarici ölkələrdə təhsil almağa göndərilir. Ümumiyyətlə, qarşıya qoyulan məqsədlərdən biri də əmək bazarında rəqabətqabiliyyətini artırmaqdır. Birinci dövlət proqramı çərçivəsində təhsil alan gənclər bu gün dövlət qurumlarında, elmi müəssisələrdə çalışır. Xaricdə təhsil alıb geri qayıdan gənclərin potensialından dövlətin inkişafı naminə istifadə olunur. Azərbaycanda savadlı, bilikli gənclərdən peşəkar kadr hazırlanması çox vacibdir. Azərbaycan dövlət başçısının həyata keçirdiyi siyasətin kökündə gənclərin savadlı, bilikli olması dayanır. Yeni dövlət proqramı çərçivəsində də xeyli sayda gənc xaricdə təhsil almaq imkanına malik olacaq”.
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov da hesab edir ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ixtisaslı kadrların formalaşması istiqamətində böyük addımdır: “Prezident İlham Əliyev tərəfindən imzalanan bu sərəncam Azərbaycanda ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması, eyni zamanda ixtisaslı kadrların formalaşması istiqamətində böyük bir addım hesab olunmalıdır. Bu potensiallı tələbələrin inkişafında mühüm rol oynayacaq. Bundan öncə birinci Dövlət Proqramı 2007-2015-ci illərdə baş tutmuşdu. Proqram çərçivəsində 5000 gəncin xarici ölkələrin ən yaxşı universitetlərində təhsil almaqları nəzərdə tutulsa da, 3500 nəfər bu proqram vasitəsi ilə təhsilini tamamladı. Hazırda həmin tələbələr Azərbaycanın əmək bazarında müstəsna fəaliyyətləri ilə xarakterizə olunurlar. Onların əksəriyyəti hazırda dövlət və özəl sektorda rəhbər vəzifədədirlər. Qeyd edim ki, birinci proqram üzrə xarici ölkələrdə dövlət büdcəsi ilə təhsil alan tələbələrə 95 milyon manatdan çox vəsait ayrılmışdı.
Bizim yeni proqramdan gözləntilərimiz böyükdür. Ölkəmiz üçün spesifik ehtiyac olunan və gələcəkdə iqtisadiyyata, xidmət sektoruna dəstək verəcək ixtisaslara ehtiyacımız var. Biz daha çox informasiya texnologiyaları və təhlükəsizliyi, səhiyyə həmçinin iqtisayiyyatla bağlı ixtisaslar üçün tələbələr göndərməliyik ki, bu sahədəki kadr çatışmazlığını aradan qaldıra bilək”.